Aqrar sahədə su çatışmazlığı probleminə dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə bu istiqamətdə yeni layihəyə başlayır.
Bu barədə “Report”un sorğusunun cavabında FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.
Məlumata görə, layihənin yaxın zamanda təqdimat görüşünün keçirilməsi planlaşdırılır: “Layihə çərçivəsində Azərbaycanda suvarma sistemləri sahəsinin mövcud vəziyyəti araşdırılacaq və bu sahədə idarə etmə sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər Azərbaycan hökümətinə təqdim olunacaq. Layihənin məqsədi kənd təsərrüfatında suyun idarə edilməsi və səmərəli istifadəsinə nail olmaqdır”.
“FAO Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi olaraq hazırda kənd təsərrüfatı, balıqçılıq, təbii resursların idarə edilməsi sahələrində 15-dən çox layihələrimizin icrası uğurla davam edir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, FAO Azərbaycanla 20 ildən çox müddət ərzində əməkdaşlıq edir. 2015-ci ildə Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Koordinasiya Ofisi yaradılıb .