Ölkədə aqrar sığortanın geniş vüsət alması üçün lazımlı təbliğat və təşviqat işləri aparılacaq.
“Report” xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Onun sözlərinə görə, ölkədə "Aqrar sığorta haqqında" Qanunun qəbulu müsbət institusional dəyişikliklərdən biridir: “Həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə artıq sığorta xidmətlərindən könüllü qaydada istifadə edilir. Bunun növbəti illərdə daha da vüsət alması üçün gərəkli təbliğat və təşviqat işləri aparılacaq”.
Xatırladaq ki, 2021-ci ildə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu, 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib.
Ötən il Aqrar Sığorta Fondu 18 836 baş heyvanı sığortalayıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 213 % artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həmci 59 milyon manata yüksəlib.
2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.