2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı müəssisələri və fərdi sahibkar təsərrüfatları ümumilikdə 54,058 milyon manatlıq məhsul istehsal edib.
“Report” Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 22,4 % azdır.
Bunun 93 %-i və ya 50,267 milyon manatı Qarabağ iqtisadi rayonun, 7 %-i və ya 3,791 milyon manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 16 % və 2,6 dəfə azdır.
Ötən il Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulu istehsalı 19,397 milyon manat (illik müqayisədə 36,9 % az), Ağdamda 1,482 milyon manat (5,7 % az), Bərdədə 11,054 milyon manat (89,9 % çox), Füzulidə 10,059 milyon manat (38,8 % az), Tərtərdə isə 8,274 milyon manat (55,5 % çox) təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda kənd təsərrüfatı məhsulu istehsalı 22,1 dəfə azalaraq 183 min manata, Kəlbəcərdə 2,6 dəfə artaraq 330 min manata, Qubadlıda 3,5 dəfə azalaraq 1,413 milyon manata, Laçında 2,6 dəfə artaraq 1,254 milyon manata, Zəngilanda isə 2,6 dəfə artaraq 611 min manata çatıb.