Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir?

Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir? Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəli və perspektiv vəd edəndir
ASK
15 Yanvar , 2022 17:31
Kənd təsərrüfatında aparılan islahatlar fermerlərin işinə necə təsir göstərir?

Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar çoxşaxəli və perspektiv vəd edəndir. Azərbaycan dövlətinin fermerlərə verdiyi dəstək bir çox formada özünü göstərir və artıq nəticələrini də verməyə başlayır. Belə ki, kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlməyə doğru gedir. Bu isə öz növbəsində daxili bazarda yerli istehsal hesabına təklifin yüksəlməsinə, özünütəminetmə səviyyəsinin artımına, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaradır.

“Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə subsidiyaların verilməsini kənd təsərrüfatı sahəsində əsas dövlət dəstəyi mexanizmi hesab edir.

“Bu mexanizmdə fermerin xeyrinə davamlı olaraq dəyişikliklər edilir. Məsələn, ötən il dizel yanacağının qiymətinin artırılmasına görə, dərhal fermerə edilən dəstək tədbirlərində dəyişiklik edildi və subsidiyaların həcmi artırıldı.

Eyni zamanda, dövlətin fermerə kənd təsərrüfatı texnikasının, cins heyvanların alınması və.s istiqamətlərdə dövlət dəstəyi davam etdirilir. Həmçinin, sahibkarlar üçün suvarma sistemlərinin qurulması prosesində də bütün xərclərin 40 %-inin dövlət tərəfindən ödənilməsi qaydası var”, - F. Fikrətzadə bildirib.

O, Vergi Məcəlləsinə edilən dəyişiklikləri fermerlərin bazara çıxışını yaxşılaşdırmaq, yəni loqistikanın inkişafına xidmət etdiyini, bununla da sahibkarın xeyrinə atılan addım hesab edir. O, Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarın fəaliyyətindəki təsirini belə izah etdi:

“Yəni tutaq ki, hansısa şirkət loqistika infrastrukturu, anbar qurub maşınlar alıb ki, 1 000 manatlıq kənd təsərrüfatı malı alsın, sonra da öz marjasını qoyub 1100 manata satsın. Bu halda (dəyişiklərədək) 18 % ƏDV-yə görə 198 manat ödənilirdi. Yəni nəticədə malın üzərinə 100 manat qoyan şəxs 198 manat vergi verməli idi.

Vergi Məcəlləsində dəyişiklik ediləndən sonra artıq ƏDV 1 000 manata yox, həmin əlavə edilən 100 manata tətbiq olundu.

Bunun özü biznes mühitinin yaxşılaşdırılması baxımından mühüm bir qərardır. Bu, artıq kənd təsərrüfatı məhsullarını tədarük edən, sivil qaydada topdan satışını həyata keçirən universitetlər yaranması üçün mühüm bir mexanizmdir. Artıq iri şirkətlər kənd təsərrüfatı məhsullarının tədarükü, topdan satışı sistemini qurmaqdan çəkinməyəcəklər”.

Ekspert yanvarın 1-dən tətbiq edilən aqroservis xidməti göstərən şirkətlərin də ƏDV-dən azad olunmasını da olduqca mühüm qərar hesab edir. Çünki bundan sonra traktor, kombayn kimi kənd təsərrüfatı maşınlarını xaricdən alan şirkətlər ƏDV-dən azad olunacaqlar.

Son xəbərlər

Orphus sistemi