“Son günlər Azərbaycanda havaların yağıntılı keçməsi xüsusilə dəmyə əkinlərə müsbət təsir göstərib”.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun aparat rəhbəri Rəfail Quliyev bildirib.
“Çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq”, - deyə o, qeyd edib.
Nazirlik rəsmisi onu da deyib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq: “Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır.
Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələrin əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır”.