Azərbaycanda bu gündən etibarən özəl baytarlıq xidmətlərinin tətbiqinə başlanılır.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
O bildirib ki, özəl baytarlıq xidməti bütün dünyada tətbiq edilir:
"Bu, heyvan xəstəlikləri mübarizədə effektiv yollardan biridir. Məqsədimiz heyvan xəstəliklərini aradan qaldırmaqdır. Bu sistemin tətbiqi ilə baytarlıq peşəsinə maraq artırmaq istəyirik. Son illər bu sahəyə maraq azalmışdı, artıq özəl sahə olduğundan, baytarlar fərdi fəaliyyət göstərəcəklər, bu da sahəyə marağı artıracaq".
M. Əliyevin sözlərinə görə, sentyabrın1-də özəl baytarlıq fəaliyyəti işə başlayır: "Şəki, Zaqatala, Qaxda tətbiq ediləcək. Noyabrın 1-də isə bütün ölkədə tam tətbiqinə nail olunacaq. Bununla yanaşı, dövlət tərəfindən maliyyələşən xəstəliklərin həlli yenə də dövlət büdcəsi hesabına maliyyələşəcək".
Aqrar Xidmətlər Agentliyinin sədri əlavə edib ki, özəl baytarlıq xidmətinə keçməmişdən əvvəl onlara təlim keçirilib:"Onlar artıq vergi ödəyicisinə çevriləcəklər, bunun üçün onlara maliyyə savadlılığı ilə bağlı təlimlər keçirilib. Həmçinin, onlar üçün bütün lazımi alətlər, soyuducular verilib.
O qeyd edib, bir ildə heyvanlara 33,5 milyon ədəd vaksin vurulur. Hər bir heyvana vurulan vaksin elektron sistemə daxil ediləcək".