Son hesablamalara əsasən Azərbaycan üzrə ümumilikdə atmosferə atılmış 62,4 milyon ton tullantının 8 milyon tonu kənd təsərrüfatı sektorunun payına düşür ki, bu da ümumi tullantıların 12,8 %-i deməkdir.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgilərinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsi iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olmaqla yanaşı, İstilik Effekti Yaradan Qazların (İEYQ) atmosferə atılmasında da müəyyən paya malikdir.
"Bu göstərici ilə kənd təsərrüfatı sektoru İEYQ ölkə üzrə ümumi payında enerji kateqoriyasından sonra ikinci yerdə durur. Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi olaraq ətraf mühit məsələlərinə həssaslıqla yanaşmaqla bu sahədə olan qlobal çağrışları dəstəkləyirik. Belə ki, kənd təsərrüfatı sektorunda iqlim dəyişkənliyinin təsirlərini minimuma endirmək və fəaliyyətin təşkilində iqlim risklərinin qiymətləndirilməsi məqsədi ilə beynəlxalq təcrübələrə əsaslanaraq nazirlik tərəfindən iqlim dəyişikliyinə uyğunlaşma (adaptasiya) və təsirlərin yumuşaldılması (mitiqasiya) istiqamətində ölkə siyasətini təşviq edərək Strategiya Planı hazırlanıb", - S. Cəfərov deyib.