Son 3 il ərzində Türkiyə şirkətləri Azərbaycana 30-35 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender Azərbaycan Aqrobiznes Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycana yatırılmış Türkiyə investisiyların həcminin daha da artacağına ümid etdiyini bildirib.
H.Kalenderin sözlərinə görə, Azərbaycan son vaxtlar aqrar sahəsindəki potensialını çox yaxşı istifadə edir: “Aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının önəmi daha da artıb. Son 5-6 il ərzində Azərbaycanda aqrar sahənin böyüməsini müşahidə edirik. Aqrar məhsullarının istehsal həcmi hər il 4 % civarında artır. Bu, çox yaxşı göstəricidir.
Kənd təsərrüfatı sahəsinin illik 4 % böyüməsi dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin nəticəsidir. Bununla yanaşı, Azərbaycan meyvə-tərəvəz məhsullarının ixracı sahəsində geniş potensiala malikdir. Azərbaycan MDB-nin 300 milyon ABŞ dollarlıq bazarına təsir edə bilən bir ölkədir. Rusiya başda olmaqla bir sıra MDB ölkələrinə məhsulları gömrük rüsumu olmadan ixrac etmək mümkündür”.
O vurğulayıb ki, Qarabağın ciddi kənd təsərrüfatı potensialı var: “İki ildir ki, Qarabağda əkin aparılır. Türkiyə Azərbaycanın kənd təsərrüfatı, o cümlədən digər sahələrinə daim dəstək göstərməyə hazırdı”.
H.Kalendar deyib ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı, meşə, su təminatı sahələrində ciddi əməkdaşlıq həyata keçirilir: “Türkiyə kənd təsərrüfatı üzrə özəl və dövlət sektorunda təcrübəsini Azərbaycanla bölüşür. Türkiyə ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində əməkdaşlığı 4 sahəni əhatə edir. Birincisi, təhsil və təcrübə mübadiləsidir, bu sahədə ciddi proqramlar hazırlanır. Ötən il 40-dan çox proqram hazırlanıb, son 2 il ərzində ölkələrimiz arasında 11 müqavilə imzalanıb.
İkinci, kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqidir. Türkiyənin bu sahədə geniş təcrübəsi var. Bu sahədə də əməkdaşlıq davam edir. Üçüncü sahə aqrar sahədə mütəxəssislərin yetişdirilməsidir, xüsusilə aqronomların və baytarların yetişdirilməsi istiqamətində əməkdaşlıq edilir. Sonuncu, dördüncü sahə isə investisiya və ticarətdir. Son bir il ərzində Türkiyə Azərbaycan arasında kənd təsərrüfatı və qida sahəsində ticarətin həcmi 26 % artıb”.