Torpaqlar suvarma suyuna həsrət qalıb: Problemin həlli yolları

Torpaqlar suvarma suyuna həsrət qalıb: Problemin həlli yolları Kənd Təsərrüfatı məhsullarının yetişdirilməsi bilavasitə suvarma sistemlərinin işlək olması ilə bağlıdır
ASK
23 Sentyabr , 2020 15:40
Torpaqlar suvarma suyuna həsrət qalıb: Problemin həlli yolları

Kənd Təsərrüfatı məhsullarının yetişdirilməsi bilavasitə suvarma sistemlərinin işlək olması ilə bağlıdır. Ölkədə isə son illər suvarma suyunun azlığı ilə bağlı problemlər yaşanmaqdadır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Rəcəb Orucov da “Report”a verdiyi açıqlamada Azərbaycanda suvarma ilə bağlı çox ciddi problemlərin olduğunu bildirib:

“Problemlərin səbəbi həm uzun müddət yığılıb qalan çatışmazlıqlar, həm də ekoloji vəziyyətdə olan gərginləşmədir. Azərbaycanın şirin su ehtiyatlarının 80%-i xaricdən gələn mənbələrə bağlıdır. Yerli ehtiyatlarımız suvarma suyuna olan tələbatımızın 20-25%-ini ödəmək gücündədir. Cənubi Qafqazda ümumi su ehtiyatının 15-20%-i Azərbaycanın payına düşür. Bizim aktiv əkinçilik sistemimiz olduğuna və respublikamızdakı torpaqların 75-80%-i suvarılarn torpaqlar kateqoriyasından olduğuna görə suvarmaya çox ciddi ehtiyac var. İndi atmosfer çöküntüləri ilə qeyri-məhsuldar buxarlanma arasında 4-5 dəfə tərs mütənasiblik mövcuddur. Ona görə də sabit və dayanıqlı kənd təsərrüfatı məhsulu almaq üçün aktiv suvarmalara ehtiyac var. Problemlər həm təbiətin bizə diqtə elədiyi problemlərdir, həm də uzun müddət suvarma-müdafiə sistemlərində köhnəlmələrin baş verməsi, əsas su paylayıcı kanallarımızın torpaq məcralı olmasından dolayı, su itkilərinin olması, qeyri-məhsuldar buxarlanmaların artıqlığı ilə bağlıdır. Kanaldan verilən suvarma suyu əkin sahələrimizə gedib çatana qədər 40-50% təbii itkilərə məruz qalır. Bu itkilərin aşağı salınması üçün ilk növbədə innovativ suvarma sistemlərinin tətbiqi zəruridir. İnnovativ suvarma sistemləri deyəndə mütərəqqi texnologiyaya söykənən pilot sulama, yağmurlama, damlama sulama kimi suvarma sistemləri nəzərdə tutulur”.

R.Orucov çıxış yolu kimi innovativ suvarma sistemlərinin tətbiq edilməsini önə çəkir:

“Bizim əkin dövriyyəsində olan torpaqlarımızın təqribən 95%-i kiçik pay torpaqçılarına məxsusdur. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında da əsas yük onların üzərinə düşür. Bu torpaqlarda mövcud ərazilərin quruluşu pilot və mütərəqqi suvarma sistemlərinin qurulmasına maneə törədir. Həmin mülkiyyətçilərin sahələrində damlama-sulama sistemlərini tətbiq etmək olar. Bu da mövcud suvarma suyuna olan tələbatı 40-50% aşağı salmağa şərait yaradır. İnnovativ suvarma sistemlərinin tətbiqi və növbəli əkin sisteminin düzgün qurulması lazımdır. Elə olur ki, bir suvarma kanalının altında bütün məhsullar payızlıq və ya yazlıq əkilir. Yeni aqropark layihələrinin qurulmasında mütləq real meliorasiya və irriqasiya sistemləri nəzərə alınmalıdr. Əgər həmin ərazidə suvarma suyundan artıq qalırsa, böyük müəssisələr yaratmaq olar. Əks halda, yəni defisit varsa, yüklənmə gedir və bu da suvarma sistemlərinə problem törədir”.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev də qeyd edib ki, suvarma ilə bağlı vəziyyət ölkə Prezidenti tərəfindən nəzarətə götürülüb:

"Kənd təsərrüfatı bilavasitə suvarmadan asılı olan sahədir. Bizim torpaqlar bilavasitə suvarma suyu ilə məhsul verirlər. Ümumilikdə suvarılan torpaqlarımız təxminən 1,5 milyon hektardır. Bunun 90%-i birbaşa suvarma ilə bağlıdır. 2014-cü ildən bəri ölkədə qlobal istiləşmə ilə əlaqədar su resurslarımız azalmağa doğru gedir. Son illərdə yaranmış vəziyyət ölkə Prezidenti tərəfindən xüsusi nəzarətə götürülüb. Aprelin 15-də müvafiq sərəncamla komissiya yaradıldı. Bütün aidiyyəti qurumlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi həmin komissiyada təmsil olunub. Komissiya yarandığı qısa müddət ərzində məsələləri təhlil elədi və burda hansı çatışmazlıqların olduğu ortaya çıxdı. Məlum oldu ki, ümumi qlobal istiləşmə nəticəsində iqlim dəyişmələri ilə yanaşı, infrastruktur məslələri də var ki, bunlar da məhdud su ehtiyatlarının istifadəsində problemlər yaradır. Ölkə üzrə magistral kanalların 70%-dən çoxunun torpaq məcralı olması bu gün sürətli su itkilərinə səbəb olur ki, bu da yekun nəticədə məhdud suyun fermaya çatdırılmasına ciddi maneələr yaradır.

İlkin olaraq Kənd Təsərrüfatı Nazirliyi və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin qarşısında komissiya tərəfindən məsələ qaldırıldı ki, mütləq şəkildə məhdud olan suyun proporsional bölünməsini təmin edilməli, az miqdarda olsa belə, hər bir fermer sudan yararlanmalıdır. İlk tapşırıq ölkə üzrə suvarma qrafiklərinin tərtib edilməsi oldu. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin yerli nümayəndəsi və Kənd Təsərrrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru həmin qrafiki təsdiqləyərək mərkəzi aparata yönləndirdilər. Onları yoxladıqdan sonra həmin qrafiklər Nazirliyin rəsmi saytında dərc olunmağa başladı. Buradan artıq fermerlə öz növbəti alacaqları suyun tarixini həmin qrafikə əsasən təyin edirdilər. Qrafikdən kənarlaşmalar olurdusa, məsələ səbəb göstərilməklə araşdırılırdı və vətəndaşın suvarma imkanları təhlil olunurdu, alternativ olaraq həmin vətəndaşa hansı ərazidən su verməyin mümkünlüyü təhlil edilirdi.

Maksimum çalışdıq ki, bu ilki vəziyyətdə əkinləri suvarma problemlərindən qoruyaq. Bu, payızlıq əkinlərdə bir qədər mümkünsüz oldu. Payızlıq əkinlərdə suvarma suyunun çatışmazlığı nəticəsində 10%-ə qədər itkilərə getdik. Yazlıq əkinlərdə isə dislokasiyanı daha düzgün təşkil etməklə nisbətən az ziyana yol verdik. İyulun 27-sində ölkə başçısının imzaladığı sərəncamla “Su ehtiyatlarından səmərəli istifadəsinin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı” tətbiq olundu. Həmin tədbirlər planı ilə hər bir aidiyyəti quruma infrastrukturun yaxşılaşdırılması, müasir suvarma sistemlərinin təşviq edilməsi, yeni güzəşt mexanizminin işlənilməsi və digər istiqamətlərdə tapşırıqlar verildi. Hazırda bu tədbirlər planına uyğun işlər davam etdirilir. Bu tədbirlər planı ilə hesabatlılıq təşkil olunub və hər bir qurum və ya qurumlar birlikdə hazırladıqları layihələri su komissiyasına təqdim edirlər”.

Son xəbərlər

Orphus sistemi