Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri Spiros Kapralos qitəmiqyaslı yarışın maliyyə cəhətdən daha dayanıqlı olması üçün vasitələr tapmağa çağırıb.
"Report"un məlumatına görə, bu barədə yunanıstanlı funksioner Avropa Olimpiya Komitələrinin Polşanın paytaxtı Varşavadakı Baş Assambleyasında "Minsk 2019" II Avropa Oyunlarının yekunlarına həsr olunmuş məruzəsində bildirib. Kapralos 15 növ üzrə 4082 idmançının çıxış etdiyi yarışın Avropa Oyunlarının brendinin və EOC-un nüfuzunun möhkəmləndirilməsindəki rolunu vurğulayıb. Bununla yanaşı, o, 2023-cü ildə Polşanın Krakov şəhəri və Malopolsk regionunda keçiriləcək III Avropa Oyunlarında daha da yaxşılaşdırılması lazım olan bir sıra məsələləri sadalayıb.
Kapralos yayım gəlirlərinin Oyunların dəyərini qarşılamadığını açıqlayıb. O, proqrama sponsor gətirən idman yarışlarının salınmasını və qazanc əldə etmək üçün reklam potensialının artırılmasını təklif edib. Məsul şəxs Avropa Oyunlarının proqramındakı növlər üzrə yarışların Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşımasının vacibliyini də vurğulayıb. Təcrübəli funksioner xüsusən, qayayadırmanma, skeytbordinq və breyk-dans kimi yeni olimpiya növlərinə diqqət çəkib.
Koordinasiya Komissiyasının sədri təşkilatçılara Avropa Oyunları üçün obyekt tikintisinin məhdudlaşdırılması prinsipinə sadiq qalmalarını, əvəzində idman qurğularını təmir etməyi və daha yaxşı vəziyyətə gətirməyi məsləhət görüb.
Qeyd edək ki, ilk Avropa Oyunları 12 - 27 iyul 2015-ci ildə Bakıda keçirilib.