"Avropa İttifaqı Azərbaycanda "yaşıl şəhər" layihəsi həyata keçirəcək".
Bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov "Report" a açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə Mingəçevir, Sumqayıtda icra edilə bilər: "Layihə yaşıl ətraf mühitin yaradılmasını, rəqəmsal əlaqələndirməni özündə ehtiva edir.
Sentyabrın sonunda İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə görüşlərimiz olacaq. Bundan sonra biz biləcəyik ki, hökumət nə istəyir, nə də maraqlıdır. Bu görüşdən sonra layihə ilə bağlı icra edəcəyimiz planlar olacaq".
Qeyd edək ki, "yaşıl şəhər" Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramının növbəti işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün 5 prioritetdən biridir. Bu prioritetlərə xırda və orta biznesə birbaşa dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir. Sənəddə deyilir ki, Aİ və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir.