İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və Argentina şirkətləri arasında onlayn formatda görüş keçirilib.
“Report”un AZPROMO-ya istinadən verdiyi məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 25-dən çox şirkətin nümayəndələri iştirak ediblər.
Görüşdə Argentinanın Azərbaycandakı səfiri Serxio Perez Qunella ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, əməkdaşlığın inkişafında işgüzar görüşlərin rolunu qeyd edib.
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov ölkəmizin Argentina ilə əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayıb, yeni iqtisadi əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizin biznes və investisya imkanları barədə məlumat verib, argentinalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.