ASK Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi ilə əməkdaşlıq edəcək

ASK Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi ilə əməkdaşlıq edəcək Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov imzalayıb
Biznes
11 Fevral , 2021 17:35
ASK Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyi ilə əməkdaşlıq edəcək

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə “Report”a ASK-dan məlumat verilib.

Bildirilib ki, memorandumu ASK-nın prezidenti Məmməd Musayev və AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov imzalayıb.

Onlayn formatda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, AZEBİ-də təmsil olunan iş adamları və ASK-nın icra aparatının əməkdaşları iştirak ediblər. F.Quliyev 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbə münasibətilə xalqımızı təbrik edib və bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz böyük qəhrəmanlıqlar göstərib və Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövrdə soydaşları ilə həmrəylik nümayiş etdiriblər.

Onun sözlərinə görə, Azərbaycan indiyə qədər Gürcüstana 3,5 milyard ABŞ dolları sərmayə yatırıb. Ümumilikdə Gürcüstanda Azərbaycan kapitallı 1 000-dən çox şirkət qeydiyyatdan keçib. O, bu şirkətlərin AZEBİ ətrafında birləşərək təşkilatlanmasını aktivləşdirməyin, iş adamlarının qonşu ölkədə qarşılaşdıqları çətinliklər barədə vaxtında səfirliyə müraciət etməsinin əhəmiyyətini diqqətə çatdırıb.

M.Musayev isə çıxışında müstəqil Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu bildirib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında ölkə prezidentinin sərəncam imzaladığını ASK prezidenti, yeni strateji dövrdə özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının prioritetlər sırasında olduğunu qeyd edib. O, eyni zamanda yaxın gələcəkdə Türkiyə, Gürcüstan və Azərbaycandakı iş adamlarının birlikdə biznes-forum keçirməsinin vacibliyi barədə təkliflərini səsləndirib.

AZEBİ Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı sahibkarların təşkilatlanması, üzvlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi