Assosiasiya: "Rusiyaya meyvə-tərəvəz ixrac edənlər potensial gəlirlərinin 40 %-ni itirib"

Assosiasiya: "Rusiyaya meyvə-tərəvəz ixrac edənlər potensial gəlirlərinin 40 %-ni itirib" Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40% azaldıb.
Biznes
28 Fevral , 2022 15:17
Assosiasiya: Rusiyaya meyvə-tərəvəz ixrac edənlər potensial gəlirlərinin 40 %-ni itirib

Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40 % azaldıb.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.

"Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz orada rublla satılır, daha sonra əldə olunan gəlirlər ABŞ dolları formasında Azərbaycana qayıdır. Hazırda isə Rusiyada 1 dollar 110-120 rubla bərabərdir. Bu da o deməkdir ki, potensial gəlirlərimizin təxminən 40%-dən məhrum olmuşuq. Üstəlik Rusiya banklarının məlum vəziyyətə görə həmin pulu Azərbaycana köçürüb-köçürməyəcəkləri sual altındadır. Odur ki, ixracatçıların dövlətin dəstəyinə eytiyacı var. Dəstək mexanizmləri bütün dünyada sahibkarlara aylıq, kommunal, istehsal xərclərinin ödənilməsi üçün müxtəlif formalarda maddi yardımlardan ibarət olur”, - deyə o, qeyd edib.

Bundan başqa, B.Quliyevin sözlərinə görə, son günlər meyvə-tərəvəzin Rusiya bazarlarına çatdırılması da çətinliklərlə müşaiyət olunur: "Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz qonşu ölkənin sərhədində qalıb. Rusiyaya girişdə böyük tıxaclar var. Fevralın 14-dən yüklənmiş maşınlar o tərəfə keçə bilməyib. Rusiya sərhədində maşınların keçmə sürəti çox aşağıdır, gün ərzində az sayda maşın buraxırlar. On gün tıxacda qalan maşınlar var. Rusiyadan Azərbaycana qayıdan maşınların da böyük tıxacı yaranıb”.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə 5,7 % çox - 641,6 min ton meyvə-tərəvəz ixrac edib. Ötən il bu məhsulların ixracından əldə olunmuş gəlir əvvəlki illə müqayisədə 3,7 % çox - 630,4 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında isə Azərbaycan 43 805 ton meyvə-tərəvəz ixrac edərək 52,8 milyon ABŞ dolları gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,3 % və 42,5 % çoxdur.

Son xəbərlər

Orphus sistemi