Azərbaycan BMT-yə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlər barədə növbəti Könüllü Milli Hesabatını 2024-cü ildə təqdim olunmasını planlaşdırır və bununla bağlı artıq bu təşkilatın İqtisadi və Sosial Şurasına müraciət ünvanlanıb.
"Report" xəbər ki, bunu iqtisadiyyat naziri müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin və BMT-nin birgə təşkilatçılığı ilə, Azərbaycanla qurum arasında "2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi"nin (UNSDCF) icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında bildirib.
Onun sözlərinə görə, bu hesabatın hazırlanması prosesində də BMT ilə səmərəli əməkdaşlıq təcrübəsi davam etdiriləcək.
"Hesab edirəm ki, ölkəmiz tərəfindən regionda ilk, dünyada 10 ölkədən biri olaraq 3 dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunması DİM-lər üzrə götürülən öhdəliklərə verilən əhəmiyyətin təcəssümüdür", - deyə S.Məmmədov bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan "Dayanıqlı İnkişaf üzrə 2030-cu il" Gündəliyinə qoşulduqdan sonra ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planı DİM-ə inteqrasiya edilib və hazırda da layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir: "Xüsusilə qeyd edim ki, ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri təsdiq edilib və qarşıdakı onillikdə ölkənin sosial, iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən beş milli prioriteti müəyyən edilib. Bu prioritetlərin icrası DİM-ə öz müsbət töhfəsini verəcəkdir. Milli Prioritetlərdə müəyyən olunmuş 5 istiqamət üzrə "2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, ölkənin "yaşıl" enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası kimi məqsədlər hədəflənir".