Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində növbəti hesabatını 2024-cü ildə təqdim edəcək.
"Report" xəbər verir ki, bunu DİM-lərin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
"Ölkəmizin regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunlarına dair BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim etməsi, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş "2030 Gündəliyi" üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu istiqamətdə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, startegiyalar, tədbirlər planları DİM-lərin məqsədlərinə və hədəflərinə uyğunlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd təşkilatın 2015-ci ilin sentyabr ayında keçirilmiş sammitində dünya liderlərinin qəbul etdiyi "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunub, 1 yanvar 2016-cı il tarixindən rəsmi şəkildə qüvvəyə minib. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda 2030-cu ilə qədər ölkələr "heç kəsi kənarda qoymamaq" prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər edəcəklər. "Qlobal Məqsədlər" kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır, daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərti ilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsidir. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.