Bu ilin I yarısında Azərbaycanın ixracının dəyəri 8,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 1,2 milyard dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul buraxılışında bildirilir.
Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 % artıb. Cari dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13.2 %-ə qədər artıb. Baxılan dövr ərzində adambaşına düşən qeyri-neft və qaz ixracında artım müşahidə edilib. Belə ki, qeyri-neft və qaz ixracı üzrə 2017-ci ilin ilk 6 ayı üzrə ildə 82 dollar, 2018-ci ildə 94 dollar, 2019-cu ildə 97 dollar olub. Pandemiya dönəmi ilə əlaqədar bu göstərici 91 dollara düşsə də, cari ilin ilk 6 ayında tarixdə ilk dəfə 116 dollar səviyyəsinə qalxıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə iyun ayı üzrə xarici ticarət həcmi 2.4 milyard dollar olmaqla, mövcud dövr ərzində ölkə üzrə ixrac 1,4 milyard dollar, idxal isə 997,1 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 33,7 % təşkil etməklə 254,9 milyon dollar olub. Habelə, iyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20 %-ə yaxınlaşmasını da əlamətdar hadisə kimi qeyd edə bilərik.
2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107,9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-iyun ayları ərzində Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-cu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (124,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (54,5 milyon ABŞ dolları) və İsveçrə üçüncü (26,5 milyon ABŞ dolları) olub.
2021-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (36,6 milyon ABŞ dolları) birinci, albalı və gilas (29,3 milyon ABŞ dolları) ikinci və qızıl (20,5 milyon ABŞ dolları) üçüncü olub.