İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin “Ali Bin Ali Group" şirkəti arasında onlayn formatda işgüzar görüş keçirilib.
“Report”un Fonda istinadən verdiyi məlumata görə, tədbirdə aidiyyəti qurumların nümayəndələri ilə yanaşı, hər iki ölkənin səfirləri iştirak ediblər.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, yerli məhsulların xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumat verib.
“Ali Bin Ali Group"un vitse-prezidenti Nabil Chamas təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib, iki qurum arasında əlaqələrin qurulmasının əhəmiyyətini, bu sahədə görüləcək işləri diqqətə çatdırıb.
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, keçirilən görüşlərin iqtisadi əlaqələrin genişləndirilməsindəki rolunu vurğulayıb.
Görüşdə Azərbaycan məhsullarının Qətərə ixracının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.