Azərbaycan Qlobal Texnologiya İdarəetməsi Sammitində təmsil olunub

Azərbaycan Qlobal Texnologiya İdarəetməsi Sammitində təmsil olunub Nazir bildirib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir
Biznes
6 Aprel , 2021 16:46
Azərbaycan Qlobal Texnologiya İdarəetməsi Sammitində təmsil olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammitinin onlayn formatda keçirilən Milli Süni İntellekt Strategiyasının Yaradılması sessiyasında iştirak edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, süni intellektin yaradılması və inkişafı potensialı barədə müzakirələrin aparıldığı sessiyada M.Cabbarov dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində rəqəmsal transformasiyanın, yeni texnologiyaların fəal tətbiqinin, bununla əlaqədar müasir təhsil və innovasiyaları təşviq edən münbit mühitin, yüksək rəqabətli, dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşan insan kapitalının formalaşdırılmasının, rəqəmsal texnologiya dövrünə hazırlanmasının önəmini vurğulayıb. Qeyd olunub ki, COVID-19 pandemiyası bu prosesi daha da sürətləndirib.

Nazir bildirib ki, Azərbaycanda rəqəmsallaşmanın inkişafına böyük önəm verilir. O, 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu diqqətə çatdırıb. Ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqi işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulmasına və Böyük Qayıdışa töhfə verəcək.

Qlobal iqtisadiyyatda rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi, rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlilinin və koordinasiyasının həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

M.Cabbarov qeyd edib ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzinin (4SİM Afilə edilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumu arasında Razılaşma imzalanıb. Aprelin 1-dən fəaliyyətə başlamış 4SİM Afilə edilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası ötən il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. Azərbaycanda bu Mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, Dördüncü Sənaye İnqilabı texnologiyalarının sürətli mənimsənilməsinə və tətbiqinə təkan verəcək.

Sessiyada süni intellektin ticarət əməkdaşlığının inkişafına təsiri barədə sualı cavablandıran iqtisadiyyat naziri bu amilin məhsuldarlığın artırılmasında, istehsalın avtomatlaşdırılmasının sürətləndirilməsində, təchizat zənciri risklərinin idarə olunmasında, nəqliyyat-tranzit marşrutlarının və daşınan yüklərin həcminin optimallaşdırılmasında, ticarətin rəqəmsallaşdırımasında mühüm rolunu vurğulayıb.

Bu il aprelin 2-də Azərbaycan və Türkiyə hökumətləri arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanıb. Bu sənəd ölkələrimizdə rəqəmsallaşma prosesinin inkişafına töhfə verməklə digər qonşu ölkələri də bu təşəbbüsə qoşulmağa, regional rəqəmsal əməkdaşlığa və ticarətin asanlaşdırılmasına təşviq edəcək.

Dünya İqtisadi Forumunun Qlobal Texnologiya İdarəetməsi Sammiti ilk dəfədir ki, keçirilir. 6-7 aprel tarixlərində onlayn formatda təşkil edilən Sammitə Yaponiya ev sahibliyi edir və tədbirdə 50-dən çox hökumət, 600-dən çox şirkət rəhbəri iştirak edir. Sammitdə sənayenin texnoloji transformasiyası, qlobal texnoloji idarəəetmə və ən son texnologiyaların tətbiqi və s. məsələlər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi