Azərbaycan Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb

Azərbaycan Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
Biznes
27 Dekabr , 2023 16:52
Azərbaycan Türkiyə şirkətləri ilə Birgə İştirak Müqaviləsi imzalayıb

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ), Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

“Report” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müqavilənin məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması istiqamətində növbəti layihə olan Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının (KSES) bərpası və istismarıdır.

"Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30 %-i bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixanaqazı emissiyalarını azaltmağı hədəfləyir. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin Böyük Qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək”, - deyə o qeyd edib.

İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, imzalanma mərasimində M.Cabbarovla yanaşı, energetika naziri Pərviz Şahbazov və Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı iştirak edib. Sənədi AİŞ-in icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören və “Arges Enerji Team”in rəhbəri Mehmet Fehmi Özata imzalayıblar.

Müqaviləyə əsasən, Həkəri və Tərtər çayları üzərində yerləşən 5 KSES-in bərpa edilərək istismara verilməsi nəzərdə tutulub. Layihənin icrası dövlət-özəl sektor tərəfdaşlığına, yeni iş yerlərinin yaradılmasına, bərpa olunan enerji sahəsində təcrübə və bacarıqların təkmilləşdirilməsinə, 2030-cu ilədək enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılması hədəfinə və istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək. Bu, AİŞ-in işğaldan azad edilmiş ərazilərə özəl investisiyanın cəlb edilməsi ilə bağlı ikinci layihəsidir. İlk layihə Ağdam rayonu Şahbulaq kəndində yerləşən əhəngdaşı yatağında mişar daşının istehsalı layihəsi olub.

Azərbaycanda dayanıqlı enerji növlərinin yaradılması və “yaşıl enerji”nin dünya bazarlarına nəqli ölkənin enerji siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə ölkəmiz dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən olan COP29-a ev sahibliyi edəcək. Bu baxımdan, bölgədə alternativ enerji layihələrinin reallaşdırılması, azad olunmuş ərazilərimizdə su elektrik stansiyalarının bərpası və yenilərinin yaradılması məqsədilə özəl sərmayədarlarla əməkdaşlıq önəm kəsb edir.

Son xəbərlər

Orphus sistemi