Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib Bu gün maliyyə naziri Samir Şərifov Cənubi Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq ilə görüşüb.
Biznes
13 Aprel , 2023 18:07
Azərbaycan və Cənubi Koreya iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

Bu gün maliyyə naziri Samir Şərifov Cənubi Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq ilə görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, Koreyanın bir çox şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər prioritet sahələrdə uğurla iştirak etdikləri vurğulanıb.

Səfir Azərbaycanın iqtisadi potensialı və coğrafi mövqeyinə görə təkcə region üçün deyil, eyni zamanda, Avropa və Asiya arasında iqtisadi əməkdaşlıq və tranzit imkanları baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Koreya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştiraka marağını vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə hər iki ölkənin müharibədən sonrakı dövrdə dağıntıların aradan qaldırılması, yenidənqurma və bərpa işlərində ortaq tarixi xüsusiyyətlərə və oxşarlığa malik olduğu ifadə olunub, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında, o cümlədən infrastruktur, dağ-mədən sənayesi, kənd təsərrüfatı, ən son texnologiyaların tətbiqi və digər sahələrdə Koreya təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd olunub.

Sonda S.Şərifov qlobal miqyasda maliyyə və biznes dairələri üçün ən nüfuzlu tədbirlərdən biri hesab edilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının cari ilin 1-5 may tarixlərində 56-cı illik toplantısının keçirilməsi üçün İncheon şəhərinin seçilməsi münasibətilə səfiri təbrik edib, Cənubi Koreyanın bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyinə əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi