Azərbaycan və İsrail arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İsrail arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri George Deek ilə görüşüb.
Biznes
23 Sentyabr , 2021 15:58
Azərbaycan və İsrail arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev İsrailin Azərbaycandakı səfiri George Deek ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə S.Mehdiyev məlumat verib.

"Görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən, məlumat və təcrübə mübadiləsindən, birgə əməkdaşlığın perspektivlərindən bəhs etdik", - deyə o qeyd edib.

Komitənin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, S.Mehdiyev Azərbaycanla İsrail arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən razılığını bildirərək, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da səmərəli və işgüzar əlaqələrin qurulduğunu söyləyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs edən Komitə sədri Qarabağ münaqişəsinin sona yetməsi nəticəsində regionda yeni iqtisadi imkanların yarandığını deyib. İsrailin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirən S.Mehdiyev işğaldan azad edilən ərazilərin bərpasında İsrail şirkətlərinin iştirakının da xüsusi əhəmiyyətini qeyd edib.

Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə də məlumat verən DGK sədri vurğulayıb ki, gömrük xidmətində daha çevik və dinamik strukturun formalaşması ölkənin tranzit və ixrac potensialının artırılmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaranıb.

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsindən də bəhs edən S.Mehdiyev gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib. İki ölkənin gömrük orqanlarının qarşılıqlı münasibətlərinə toxunan Komitə sədri qarşılıqlı səfərlərin, məlumat və təcrübə mübadiləsinin əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Komitə rəhbərliyi ilə növbəti görüşündən məmnunluğunu da ifadə edib. O, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb, işğaldan azad olunan ərazilərə səfərinin onda zəngin təəssüratlar yaratdığını bildirib. İsrailin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan səfir iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, gömrük orqanları arasındakı əlaqələrdən bəhs edib və birgə əməkdaşlığın perspektivlərindən danışıb.

Son xəbərlər

Orphus sistemi