Özbəkistan Ticarət-Sənaye Palatasının sədr müavini Dilşod Rəsulov və Azərbaycan İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Şahin Sadıqov qarşılıqlı ticarət dövriyyəsinin artırılması və investisiyaların cəlb edilməsini müzakirə ediblər.
Bu barədə “Report” Özbəkistan KİV-ə istinadən xəbər verir.
"Görüş noyabrın 5-də keçirilib. Müzakirənin əsas mövzusu Özbəkistan və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli ticarət dövriyyəsinin həcminin artırılması və xarici investisiyaların cəlb edilməsi olub", - məlumatda qeyd edilib.
Həmçinin bildirilib ki, tərəflər Özbəkistan istehsalçılarının məhsullarının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılmış “Azexport” portalında yerləşdirilməsi və onların məhsulları üçün elektron stendin təşkili imkanlarına xüsusi diqqət yetiriblər.
"Bundan əlavə, tərəflər Özbəkistan və Azərbaycan mallarının onların daxili bazarlarına ixracının fəal inkişafı məqsədilə hər iki ölkənin şirkətlərinin iştirak edəcəyi birgə müəssisələrin yaradılması perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.
Danışıqların yekununda, tərəflər birgə müəssisələrin yaradılması və iki təşkilat arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində addımların nəzərdən keçirilməsi barədə razılığa gəliblər.
Bundan əlavə, Ş.Sadıqov Özbəkistan iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkarimov ilə görüş keçirib. Görüşdə Özbəkistan Dövlət Pensiya Fondu ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlıq üzrə birgə tədbirlər planının imzalanması barədə məlumat verilib.
"Görüşün yekununda tərəflər “Ağıllı Sənaye Hazırlığı İndeksi”nin tətbiqi üzrə Azərbaycan təcrübəsinin öyrənilməsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bundan əlavə, təhsil, səhiyyə, sosial müdafiə və insan kapitalının inkişafı kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.