Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil alıb.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08% çoxdur.
Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51% çoxdur.
Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyədə 5 349 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 1 132 ədəd və ya 26,84% çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında isə Türkiyədə 26 466 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 5 802 ədəd və ya 18% azdır.
Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar sentyabrda 908, yanvar-sentyabr aylarında isə 4 716 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 826, yanvar-sentyabrda isə 4 165 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan sentyabrda 448 mənzil, yanvar-sentyabrda isə 1 895 mənzilə sahib olub.