Iqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələrinin Yaponiyaya səfəri çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə birgə layihələrin icrası müzakirə edilib.
Bu barədə "Report"a AZPROMO-dan bildirilib.
Belə ki, Yaponiyanın turizm və enerji sahəsində fəaliyyət göstərən “H.I.S. Co. LTD”, qablaşdırma, logistika və turizm sferasında fəaliyyət göstərən “KOIKE Corporation Limited” şirkətlərinin nümayəndələri ilə təşkil edilən görüşlərdə ticarət və investisiya istiqamətində qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi, Yaponiyaya ixrac prosedurlarına fikir mübadiləsi aparılıb.
Yaponiyanın “Jetro” (Yaponiya Xarici Ticarət Təşkilatı) və AZPROMO nümayəndələri arasında keçirilən görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərinin iqtisadi potensialı barədə məlumat verilib, Yaponiyada keçirilən beynəlxalq sərgilərdə iştirak məsələləri müzakirə olunub.
“JİCA” Agentliyinin rəhbər heyəti ilə görüşdə AZPROMO nümayəndələri ikitərəfli əməkdaşlıq əlaqələrini qurulması və birgə tədbirlərin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.