Azərbaycanda 500-dən çox layihəyə investisiya təşviqi sənədi verilib

Azərbaycanda 500-dən çox layihəyə investisiya təşviqi sənədi verilib İndiyə qədər Azərbaycanda 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.
Biznes
6 Avqust , 2021 09:36
Azərbaycanda 500-dən çox layihəyə investisiya təşviqi sənədi verilib

İndiyə qədər Azərbaycanda 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin layihələrin 59%-i sənaye, 39%-i kənd təsərrüfatı, 1%-i logistika, 1%-i isə turizm sahəsini əhatə edir. Onların reallaşdırılması nəticəsində yerli istehsala 4,58 milyard manatdan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.

İnvestisiya təşviqi sənədi verilmiş 350-dən artıq layihə fəaliyyətə başlayıb və 26 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və s. ölkələrə ixrac olunur.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4 188 təsdiqedici sənəd verilib, nəticədə təqribən 761,2 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.

Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. sahələr üzrə məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

Bu ilin ilk 7 ayında isə 24 sahibkarlıq subyektinin 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 143 milyon manata qədər investisiya yatırılacağı, 1300-ə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 83%-i regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 54%-i sənaye, 42%-i kənd təsərrüfatı, 4%-i isə logistika sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 68 milyon ABŞ dollarınadək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib.

Bu mexanizmlərin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

Son xəbərlər

Orphus sistemi