İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
"Report" nazirliyə istinadən xəbər verir ki, hərracda 7 əmlak özəlləşdirilib.
Bunlardan 2-si kiçik dövlət müəssisəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Göygöl və Qəbələ rayonlarında yerləşir.
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə onlayn qoşula bilər.