Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 179 416 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məmumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 66,8 % çoxdur.
4 aylıq göstəricinin 27 980-i (15,6 %) ilkin, 151 436-sı (84,4 %) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyat 6,2 %, təkrar qeydiyyat isə 86,5 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15 623-ü fərdi yaşayış və bağ evi, 29 834-ü mənzil, 130 282-si torpaq sahəsi, 1 015-i qeyri-yaşayış binası, 2 409-u qeyri-yaşayış sahəsi, 213-ü əmlak kompleksi, 40-ı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 30 829-u Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 149 541 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə illik müqayisədə 76,2 % çoxdur. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 1 il əvvələ nisbətən 12,1 % artaraq 24 769 olub.