Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) “Reklam və nəşriyyat müəssisələri” il iş komissiyası ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti arasında görüş keçirilib.
"Report" ASK-ya istinadən xəbər verir ki, onlayn formatda keçirilən görüşün məqsədi dövlət satınalmaları sahəsində mövcud vəziyyətin müzakirəsi və sahibkarların təkliflərinin dinlənilməsi olub.
Görüşdə dövlət satınalmalarının keçirilməsində biznes subyektlərinin o cümlədən kiçik və orta biznes subyektlərinin iştirak imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə dövlət tənzimləməsini həyata keçirən qurumla əməkdaşlığın ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyi qeyd olunub.
Hazırda dövlət satınalmaları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni qanun layihəsi üzərində işlərin yekunlaşdırmaqda olduğu, bu sahədə prosedurların asanlaşdırılması üçün zəruri data bazaların elektron satınalma portalına inteqrasiya edilməsi üzrə işlər apardığı bildirilib.
Görüşdə iştirak edən sahibkarlar pandemiya şəraitində dövlət satınalmalarının onlayn formatda elektron satınalma portalı (etender.gov.az) vasitəsilə təşkil edilməsinin əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sahibkarlıq subyektləri dövlət satınalmaları prossesində daha aktiv iştiraka dəvət olunublar.