Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərçivəsində qaytarılan həcmi yanvar-iyul aylarında 11 milyon 169,2 min manat təşkil edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Hesabat dövründə pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 103 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Məlumata görə, “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.