Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Niderlandın ölkəmizdəki səfiri xanım Paulin Eizemanla görüşüb.
Bu barədə "Report"a ASK-dan bildirilib.
Məlumata görə, onlayn platforma üzərindən reallaşdırılan görüş Azərbaycan-Niderland iqtisadi əlaqələri və onun genişləndirilməsi mövzusuna həsr olunub.
Konfederasiyanın prezidenti qonağı salamlayaraq, xanım Paulin Eizemana Azərbaycanda səfir kimi fəaliyyətinə uğurlar arzuladı. O, Niderland-Azərbaycan münasibətlərindən danışarkən Prezident İlham Əliyevlə Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene van der Linden arasında mövcud olan dostluqdan, bu dostluğun Niderland-Azərbaycan münasibətlərinə təsirini rolunu xüsusilə qeyd edib.
“Azərbaycanla Niderland arasında ticarət əlaqələri mövcuddur, lakin hesab edirəm ki, istənilən səviyyədə deyil və birgə əməkdaşlığımız nəticəsində daha yüksək nəticələr əldə edə bilərik”,- M.Musayev bildirib. Onun sözlərinə görə, Niderland Krallığı da dəniz sahilindədir, aqrar ölkədir. Azərbaycan da aqrar sahədə böyük potensiala malikdir və biri birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda irriqasiya və digər sahələrdə əməkdaşlıq imkanları da genişdir.
P.Eizeman “2020-ci il Azərbaycan üçün uğurlu oldu, torpaqlarınızı işğaldan azad etdiniz. Ümid edirəm ki, əlaqələrimiz daha da genişlənəcək. Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq”, – deyərək bir neçə sahə üzrə işbirliyi imkanlarına toxundu. Səfir kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açıb.
M.Musayev səsləndirdiyi təkliflərə görə səfirə təşəkkür edərək gələcəkdə ölkəmizdə Niderland Ticarət Evinin açılması ilə bağlı təkliflərə açıq olduğunu, eyni zamanda, Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacağını vurğulayaraq, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan Hökuməti qarşısında məsələ qaldırmağa hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alınıb.