Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) Azərbaycanda qeydiyyatdan keçəcək.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Şuranın prezidenti Vüqar Oruc deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edilərək, ilkin razılıq alınıb.
“Türk Dövlətlərinin Qiymətləndiricilər Birlikləri Şurasına Bakıda yerləşəcək baş ofis üçün məkanın ayrılmasına görə isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlanıb və müsbət cavab alınıb", - deyə o qeyd edib.
2023-cü ilin iyun ayında təsis edilən Şuraya bu ildən Azərbaycan sədrlik edir. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 7 üzvü var. Bunlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətidir.
Bununla yanaşı Azərbaycanda Qiymətləndirmə Palatasının fəaliyyətə başlaması istiqamətində də işlər davam etdirilir. "Bildiyiniz kimi, palatanın təsis edilməsi üçün ilk növbədə qanuna müvafiq olaraq ən azı 15 nəfər imtahandan keçməklə qiymətləndirici adını əldə etməlidir. Artıq bu istiqamətdə əməli addımlar atılıb. Belə ki, tərəfimizdən yaradılmış ekspert qrupu imtahanların keçirilməsi üçün proqram və sual bankının yaradılması istiqamətində işləri artıq yekunlaşdırıb. Digər tərəfdən imtahanın tarixi ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmalar həyata keçirilir. İmtahanların keçirilməsi oktyabrın sonu-noyabrın əvvəlində planlaşdırılır”, - V. Oruc bildirib.