Bu il dekabrın 1-nə Azərbaycanda 1 321 539 vergi ödəyicisi uçotda olub.
"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-nə nisbətən 9,9% çoxdur.
Vergi ödəyicilərinin 87,8%-i fiziki şəxslər, 12,2%-i faizi hüquqi şəxslər və digər təşkilatlardır.
Son 1 ildə ölkədə kommersiya qurumlarının sayı 8,4% artıb. 2021-ci ilin yanvar-noyabr aylarında 10 769 kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da illik müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli, 9,3%-i xarici investisiyalı müəssisələr olub.
Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2.529-nun (ümumi qeydiyyatın 23,5%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7% təşkil edib. 2020-ci ilin mart ayından etibarən başlanan 12 aylıq azalma dövründən sonra, ardıcıl 9 ayda (2021-ci ilin mart-noyabr aylarında) qeydiyyatın sayında artım müşahidə edilib.
Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.