Azərbaycanın biznes ictimaiyyəti Türkiyəyə dəstək barədə nə düşünür?

Azərbaycanın biznes ictimaiyyəti Türkiyəyə dəstək barədə nə düşünür? Ötən gün Azərbaycan bankirləri Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası, yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüsə qoşularaq qardaş ölkəyə təxminən 100 min ağac tingi göndərməyə qərar verdilər
Biznes
3 Avqust , 2021 16:27
Azərbaycanın biznes ictimaiyyəti Türkiyəyə dəstək barədə nə düşünür?

Ötən gün Azərbaycan bankirləri Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası, yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüsə qoşularaq qardaş ölkəyə təxminən 100 min ağac tingi göndərməyə qərar verdilər. Bu qərar "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin geniş tərkibdə növbədənkənar iclasında qəbul olunub.

"Report" ölkədə fəaliyyət göstərən digər assosiasiyalarla əlaqə saxlayıb, biznes ictimaiyyətinin Türkiyəyə dəstək barədə nə düşündüyü ilə maraqlanıb.

"Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin üzvləri Türkiyəyə ağac tingi göndərməsələr də, dəstək kampaniyasından da kənarda deyillər. Bununla bağlı açıqlama verən Assosiasiyanın İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib ki, qurumun üzvləri qonşu ölkədə ağacəkmə kampaniyasında iştirak edirlər.

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi isə Türkiyədəki yanğınların fəsadlarının aradan qaldırılması məqsədi ilə əməkdaşlıq etdiyi "Türkiyə Sığorta Birliyi"nə (TSB) müraciət edib. Müraciətdə Azərbaycan sığortaçıları adından ağac tinglərinin verilməsi təklif olunub. Təklifi TSB minnətdarlıqla qarşılayıb. Buna uyğun olaraq Assosiasiya artıq yerli sığorta şirkətlərinə müraciət edib. Hazırda tinglərin tədarükü ilə bağlı iş gedir.

"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Fərhad Qaraşov isə bildirib ki, Türkiyəyə dəstəklə bağlı assosiasiya üzvləri ilə müzakirələr aparılacaq: “Əslində nar ağacı göndərmək istəyərdik, lakin hazırda nar ağacı əkilmir. Nar ağacını yaza yaxın əkirlər. Lakin Türkiyəyə ediləcək dəstəyin forması ilə bağlı düşünürük”.

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva isə bildirib ki, bu həftə assosiasiya üzvlərinin toplantısı keçiriləcək: "Tədbirdə sözügedən məsələ də müzakirə ediləcək. Biz qardaş ölkəyə necə dəstək göstərməyimizlə bağlı müzakirələr aparacağıq”.

"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov isə bunu deyib: "Türkiyə bizə qardaş ölkədir. Ümid edirəm ki, dövlət qurumları hər birimizin adından dəstək göstərir”.

"Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Biriliyinin sədri İsmayıl Orucov isə bunu bildirib: "Əslində planda var idi ki, fındıq tingi göndərək. Lakin yanğınlar Qara Dəniz bölgəsində baş verməyib, digər ərazilərdə də fındıq tingi bitmir. Bu istiqamətdə təklif verməmişik”.

Son xəbərlər

Orphus sistemi