"Biz Moskvada keçirilən “Heimtextil Russia 2021” sərgisində iştirak etdiyimiz üçün çox şadıq, çünki, bu, beynəlxalq sərgidir və burada yalnız Rusiya vətəndaşlarını deyil, xarici qonaqları da artıq görürük".
Bunu sərginin açılışında "Report"un Rusiya bürosuna açıqlamasında "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov deyib.
"Bu gün sərgidə 71 xalça ilə iştirak edirik və məhz Qarabağ xalçalarına üstünlük vermişik. Ali rəhbərliyin keçən ilin sonunda bizə gözəl hədiyyəsi oldu - torpaqlarımız işğaldan azad edildi. Ona görə də biz buraya daha çox Qarabağ xalçası gətirdik, qonaqları və müştəriləri Qarabağ xalçaları ilə tanış etmək istədik. Sözsüz ki, başqa xalça məktəblərinin də nümunələri var", - deyə o, qeyd edib.
E.Məmmədov rəhbərlik etdiyi qurumun tətbiq etdiyi yeniliklər barədə də danışıb: "Hər xalçamızın arxasında QR-kod var. Telefonu yaxınlaşdırdıqda xalçanın adını, neçənci ildə, hansı emalatxanamızda toxunduğunu və s. məlumatları göstərir. Bu bizim mədəni irsimiz, tariximizdir. Azərbaycan xalçaları Beynəlxalq muzeylərdə nümayiş etdirilir, bütün xarici hərraclara çıxarılılır. Bəzən onun hansı ildə, harada toxunulması barədə problemlər yaranır. Yeni etiketaj isə bu növ problemləri aradan qaldıracaq. Bu pasport göstərəcək ki, xalçanı məhz Azərbaycan qadınları, Azərbaycan torpağında toxuyub".
Sərginin Azərbaycan xalçasının Rusiyada tanıdılmasında oynayacağı rola gəlincə isə sədr bildirib ki, son 5 ildə Azərbaycan Rusiyaya xalça ixrac etməyib: "Bu gün bütün xalça məktəblərindən nümayiş üçün gətirmişik. Maraq artıq var. Ümidvarıq ki, daha çox qonaq bizim stendə gələcək. Bura gəlməzdən əvvəl Rusiyanın gömrük komitəsindən son 5 ilin statistikasını əldə etdik və əslində çox narahat olduq. Çünki son 5 ildə Rusiyaya Azərbaycan xalçasının ixracı olmayıb. Və bizim fikrimiz odur ki, bu 71 xalça artıq Azərbaycana qayıtmasın. Biz ticarət mərkəzləri, interyer dizaynerləri, memarlar ilə görüşlər təyin etmişik. Yaxın 3 gün ərzində çoxlu görüşlərimiz olacaq. Ümidvarıq ki, memarlar və dizaynerlər interyerlərdə məhz Azərbaycan xalçalarından istifadə edəcəklər və bizim xalçalar Rusiyanın müxtəlif şəhərlərində öz yerlərini tapacaqlar".