Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Milli Standart yerli şirkətlərə sistemli yanaşmaya, o cümlədən əsas performans göstəriciləri (ƏPG-KPI) üzrə hesabat verməyə imkan yaradır.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Baş direktoru İlham Bayramov bildirib.
Onun sözlərinə görə, bu standart müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyətli fəaliyyətləri təşviq etmək üçün çərçivə və qaydalar təqdim edir:
"ESG-nin qəbul edilməsi ətraf mühitin və cəmiyyətin təşkilata təsirlərinin qiymətləndirilməsi ilə yanaşı, təşkilatın ətraf mühitə və cəmiyyətə təsirlərini, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasını dəstəkləyir, yol göstərir, tələbləri daha aydın şəkildə diqqətə çatdırır və bununla bağlı nəticələrin ölçülməsi və hesabatların hazırlanmasını təmin edir" - deyə direktor qeyd edib.
Onun sözlərinə görə, dövlət standartında əks olunan ISO və digər beynəlxalq ESG standartları ilə uyğunlaşdırılmış yanaşmalar yerli şirkətlərin fəaliyyətlərinin beynəlxalq səviyyədə uyğunluğunu təmin etməyə, ESG-nin idarə edilməsi ilə bağlı yerli şirkətlərə sistemli yanaşmaya və əsas performans göstəriciləri üzrə hesabat verməyə imkan yaradır: "Yeni dövlət standartının tətbiqi dövlət və özəl sektorlarda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərməklə yanaşı ölkədə BMT-nin Dayanıqlı İnkişaf məqsədləri ilə bağlı fəaliyyətə böyük töhfə verəcək".