Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir

Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” işə başlayıb.
Biznes
28 Noyabr , 2024 10:47
Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir
Edqars Skuyan

Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” işə başlayıb.

"Report" xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyanın iştirakı ilə baş tutub.

O, qeyd edib ki, iki ölkə arasında olan münasibətlərin böyük tarixi var.

"Hesab edirəm ki, bugünkü tədbir iki ölkənin iş adamlarının və işgüzar dairələrinin bir araya gəlməsinə xidmət edir, əməkdaşlığımızı artırmağa və genişləndirməyə töhfə verir. Biz Azərbaycana gəlmək istəyən latviyalı iş adamları üçün, eləcə də Latviyada bizneslə maraqlanan azərbaycanlı sahibkarlar üçün buradayıq. Yəni,biz əlaqələrimizi necə inkişaf etdirə bilərik? Düşünürəm ki, gələn il üçün böyük iddialarımız var", - deyə səfir qeyd edib.

Bundan başqa, E.Skuya deyib ki, Latviya həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyib: "Biz ölkənin bütün regionlarının, o cümlədən sürətlə inkişaf edən Qarabağın inkişafına böyük nikbinliklə baxırıq. Mən burada olan hər kəsə - azərbaycanlı tərəfdaşlarımıza və Latviya nümayəndə heyətinə, çox hörmətli iş adamlarına minnətdaram".

Xatırladaq ki, gələn ilin I yarısında Bakıda Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır. Komissiyanın 8-ci iclası 20 may 2022-ci ildə Riqada keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin dəyəri 22 milyon 943 min ABŞ dolları təşkil edib. Latviyaya ixracın dəyəri 4 milyon 806 min ABŞ dolları, Latviyadan ölkəyə idxalın dəyəri isə 18 milyon 137 min ABŞ dolları olub.

İdxalda əsas məhsullar ayran, çürümüş qatıq və qaymaq, kefir və digər qıcqırdılmış süd və qaymaq, konservləşdirilmiş balıq, tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siropları, benzin, dərman vasitələridir. Azərbaycan Latviyaya meşə fındığı, qara metallardan qeyri-elektrik havaqızdırıcıları, hava və qaz kompressorları, ventilyasiya qurğuları, inersiyasız su qızdırıcıları və ya istilik su akkumulyatorları, meşə materialları ixrac edir.

Qeyd edək ki, tədbir AZPROMO və Latviya Ticarət və Sənaye Palatasının (LCCI) birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, İKT, təhsil, sənaye, logistika, tikinti materiallarının istehsalı və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak ediblər. Görüşdə həmçinin Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri təqdimatlarla çıxış ediblər. Tədbir B2B formatda görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi