Böyük Britaniya hökuməti Çində insan hüquqlarının pozulmasına görə, həmin ölkənin Sincan Uyğur Muxtar Bölgəsində istehsal olunan məhsulların idxalını məhdudlaşdırır.
“Report” xəbər verir ki, parlamentin İcmalar Palatasında nitq söyləyən ölkənin xarici işlər katibi Dominik Raab adıçəkilən bölgədə məcburi əməklə bağlı iddiaları əsas gətirərək deyib:
“Biz Çinlə konstruktiv münasibətlər istəyir və bunun üçün ardıcıl çalışırıq, lakin öz dəyərlərimizi, yaxud ölkəmizin təhlükəsizliyini qurban verə bilmərik. Biz düzgün bildiklərimizi bundan sonra da dilə gətirəcək və bunu əməlimizlə dəstəkləyəcəyik... Hamı əmin olmalıdır ki, biz regionda insan hüquqları pozuntuları ilə birbaşa və ya dolayı yolla əlaqəli olan məhsulların ixracatını əngəlləmək üçün əlimizdən gələni edirik”.
Xatırladaq ki, Çinin adıçəkilən bölgəsində sayı 12 milyona yaxın olan uyğur əhalisinin xüsusi toplama düşərgələrində zorakılığa, o cümlədən məcburi əməyə məruz qalması ilə bağlı xəbərlər son vaxtlar dünya KİV-ində mütəmadi yayılır. Böyük Britaniya hökuməti Müasir Köləlik Aktı çərçivəsində məcburi əmək vasitəsilə istehsal oluna bilən məhsulların ölkəyə idxalına yol verməmək üçün müvafiq məhdudlaşdırıcı tədbirlər görür.