Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb

Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb İixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ikinci və pambıq mahlıcı üçüncü olub.
Biznes
30 Sentyabr , 2020 13:43
Bu il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-dək azalıb

2020-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 9,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 153 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 milyon ABŞ dolları və ya 9,7 faiz azalıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Bu ilin ilk səkkiz ayı ərzində Rusiyaya 450,3 milyon ABŞ dolları, Türkiyəyə 226,9 milyon ABŞ dolları, İsveçrəyə 138,5 milyon ABŞ dolları, Gürcüstana 92 milyon ABŞ dolları və Çinə 32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (78,6 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 376,3 milyon ABŞ dolları, pambıq lifi ixracı 77,6 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 milyon ABŞ dolları, kimya sənayesi məhsullarının ixracı 52,4 milyo ABŞ dolları, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 milyon ABŞ dolları, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 milyon ABŞ dolları, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,5 milyon ABŞ dolları, pambıq ipliyi ixracı 11,3 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 8,4 milyon ABŞ dolları, şəkər ixracı 11,5 milyon ABŞ dolları, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 milyon ABŞ dolları, çay ixracı 6,2 milyon ABŞ dolları təşkil edib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9 faiz, çay ixracı 0,2 faiz artıb.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 118,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 15,8 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 4,3 faiz çoxdur. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1 faiz, qeyri-yeyinti sektoru üzrə isə 78,8 faiz təşkil edib.

Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,7 milyon ABŞ dolları), İsveçrəyə (31 milyon ABŞ dolları), Türkiyəyə (21,9 milyon ABŞ dolları), Gürcüstana (7,8 milyon ABŞ dolları) və Əfqanıstana (2,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi