Çin xidmət sektorunu daha geniş şəkildə açaraq xarici investorlar üçün daha çox imkanlar yaradacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Çjunqo jibao” qəzeti bu günə planlaşdırılan və video formatında keçiriləcək Çin-Aİ sammiti ərəfəsində hazırlanan materialda yazıb. Görüşdə Çin Xalq Respublikasının Sədri Si Tszinpin, Avropa Şurasının Sədri Şarl Mişel, Almaniya Baş naziri Angela Merkel və Avropa Komissiyasınn başçısı Ursula fon der Lyayenin iştirak edəcəyi gözlənilir.
“Pekin xidmət sektorunu daha da açmaq baxımından qlobal investorlar üçün daha çox iş imkanı yaradacaq. O, bütün ölkələr üçün bu sektorda model rolu oynayacaq”, - deyə qəzet yüksək vəzifəli məmurlara istinadən yazıb. Nəşr bildirir ki, paytaxtda artıq xidmət sektoruna bazar əlyetərliliyini genişləndirmək və dövlət səviyyəsində hərtərəfli nümunəvi zona yaratmaq üzrə işlər başlayıb.
“Bu pilot zona doqquz əsas sahəyə, o cümlədən elmi-texnoloji xidmətlər, rəqəmsal iqtisadiyyat və rəqəmsal ticarət, maliyyə sektoru, ticarət, mədəniyyət, turizm, təhsil və səhiyyə sahələrinə istiqamətlənərək qabaqcıl beynəlxalq ticarət və investisiya normalarını tətbiq etməlidir”, – qəzet Çinin Ticarət nazirinin müavini Van Şouvendən sitat gətirib.
Nazir müavini qeyd edib ki, əlyetərliliyi genişləndirmək və dörd sahədə yeniliklər tətbiq etmək üçün 26 tədbir görülür. Pekində xarici maliyyə nümayəndəliklərinin sayının artırılması, habelə rüsumsuz mağazalar şəbəkəsinin genişləndirilməsi planlaşdırılır. Səlahiyyətli şirkətlər ortaq proqramlarda fəaliyyət göstərəcək, onlara geniş hüquqlara malik yüksək texnoloji şirkət statusu veriləcək.
Daha əvvəl Aİ Şurası Avropa İttifaqının Çin ilə sammitdə iqtisadi inkişaf, ticarət və texnologiyaya çıxış məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Aİ nümayəndələri həmçinin bu görüşdə insan hüquqları və Honkonqdakı vəziyyəti gündəmə gətirərək siyasi məsələlərə də toxunmaq niyyətlərini dilə gətiriblər. Almaniya ilin ikinci yarısında Aİ Şurasına sədrlik edən ölkə olduğundan kansler Angela Merkel də bu görüşdə iştirak edəcək.