Ötən il Dağıstan müəssisələrinin ixracatının 43 faizi Azərbaycana həyata keçirilib. Cilalanmış şüşə, kartof, qoyun əti, şüşə taralar, günəbaxan və qarğıdalı Dağıstan ixracatının əsas məhsullarıdır.
Bu barədə “Report”a Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyindən bildirilib.
Nümayəndəlikdən qeyd edilib ki, ixrac tədarüklərinin artırılması, yeni müəssisələrin ixracat fəaliyyətinə cəlb edilməsi və bölgəyə investisiya cəlb edilməsi imkanları Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Ticarət nümayəndəsi ilə bir saat” layihəsi çərçivəsində müzakirə edilib.
Dağıstan Respublikasının sənaye və ticarət nazirinin birinci müavini Rəşid Murzayev tədbiri giriş nitqi ilə açarkən bölgədəki mövcud sosial-iqtisadi vəziyyəti izah edib və Dağıstanın sənaye inkişafının ən perspektivli sahələrini təqdim edib.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Dağıstanın Azərbaycana ixracatı üzrə əsas istiqamətləri və rusiyalı ixracatçıların üzləşdiyi əsas maneələri qeyd edib. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Dağıstan məhsulları alan azərbaycanlı alıcılar üçün nəzərdə tutulan maliyyə dəstəyi alətlərini təqdim edib.
Dağıstan Respublikasının nazirlik və idarələrinin rəhbərləri Azərbaycan ilə nəqliyyat, turizm, kənd təsərrüfatı, sənaye kooperasiyası və investisiya əməkdaşlığı sahələrində mövcud əməkdaşlığın vəziyyətindən danışıblar. R.Mirsayapov və N.Quliyev Dağıstan Respublikasının icra hakimiyyəti orqanlarının və ixracatçı müəssisələrin rəhbərlərinin suallarını cavablandırıblar.
Görüşdə həmçinin Dağıstan biznesinin nümayəndələrinin bu il Azərbaycanda keçirilməsi planlaşdırılan sərgi tədbirlərində iştirakı və Dağıstan müəssisələrinin ilin ikinci yarısında Azərbaycana işgüzar missiyasının təşkili məsələləri müzakirə edilib.