Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin vitse-prezidenti ilə görüşüb Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BP şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.
Biznes
5 Oktyabr , 2021 16:58
Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin vitse-prezidenti ilə görüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev BP şirkətinin regional vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə komitə sədri özü məlumat verib.

Onun sözlərinə görə, görüşdə DGK və BP şirkəti arasında uzun illərdən bəri mövcud olan işgüzar əlaqələrin perspektivlərindən bəhs edilib. 

Komitənin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, S.Mehdiyev müstəqil Azərbaycanın yeni neft strategiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və dövlətçilik tarixində xüsusi yer tutduğunu, bu strategiyanın bu gün də uğurla icra edildiyini vurğulayıb.

Tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin həyata keçirilməsində BP şirkətinin çox mühüm işlər gördüyünü qeyd edən sədr ötən illər ərzində adı çəkilən şirkətlə gömrük orqanları arasında mövcud əlaqələrdən də məmnunluqla söhbət açıb.

O, bu sahədə gömrük orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ surətdə aparılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan bəhs edən S.Mehdiyev, dövlət başçısının təşəbbüsü ilə tətbiq olunan yeniliklər hesabına gömrük işinin bütün sahələrində mühüm nailiyyətlər əldə olunduğunu, sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradıldığını və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırıldığını diqqətə çatdırıb.

B.Aslanbəyli isə DGK ilə birbaşa qurulan əlaqələri, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan qonaq gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi