Dövlət sahibkarlara avqust ayında nə qədər vəsait ödədi?

Dövlət sahibkarlara avqust ayında nə qədər vəsait ödədi? Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.
Biznes
1 Sentyabr , 2020 13:01
Dövlət sahibkarlara avqust ayında nə qədər vəsait ödədi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində vəsaitlərin köçürülməsi davam etdirilir.

 Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumat üçün qeyd edək ki, muzdlu işçilərin əməkhaqqına 2-ci dəfə maliyyə dəstəyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergi ödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur və vəsaitlər avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilir.

Avqust ayında yeni maliyyə dəstəyi çərcivəsində 234 355 muzdlu işçini əhatə edən 22 885 vergi ödəyicisinə 51 mln 939,4 min manat vəsait ödənilib. Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 18 245 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır. İkinci maliyyə dəstəyi çərcivəsində avqust ayında 49 887 fərdi (mikro) sahibkara 12 mln 471,8 min manat birdəfəlik maliyyə dəstəyi göstərilib.

Sentyabr ayının 10-dan sonra ikinci maliyyə dəstəyi proqramı çərçivəsində sahibkarların muzdlu işçilərinə ödənilməli vəsaitlərin növbəti hissəsinin köçürülməsinə başlanacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq olar:

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Son xəbərlər

Orphus sistemi