2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri maliyyələşdirilmiş layihələrin dəyərində 31,9% paya malik olub. Bu isə 2019-cu illə müqayisədə 4,5 faiz bəndi çoxdur.
“Report” bu barədə Fonda istinadən xəbər verir.
Məlumatda deyilir ki, ötən il ümumi dəyəri 397 milyon manat olan 908 layihəyə 126,9 milyon manat kredit verilib. Əvvəlki il isə ümumi dəyəri 638,6 milyon manat olan 1 573 layihəyə 175 milyon manat maliyyə dəstəyi verilmişdi.
Hesabat dövründə layihələrin ümumi dəyəri 37,8%, sayı 42,3%, ayrılmış güzəştli kreditlərin məbləği isə 27,5% azalıb. Əvəzində kreditlərin orta məbləği 26,1% artaraq 140 min manata çatıb. Bununla belə, orta kredit müddəti yarım il azalaraq 6 il yarıma, yaradılacaq yeni iş yerlərinin sayı isə 49% azalaraq 2 725-ə düşüb.
“Fondun xətti ilə maliyyələşmənin azalması koronavirus (COVID-19) pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa mənfi təsiri ilə əlaqədardır. Eyni zamanda, Fondun vəsaitinin 50 milyon manatı mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizminin icrası üçün nəzərdə tutulduğundan, həmin vəsait güzəştli kreditlərin verilməsi üçün istifadə edilməyib”, - qurum bəyan edib.
Qeyd edək ki, indiyə qədər Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 5,9 milyard manatdan çox olan 38 mindən artıq layihəyə 2,6 milyard manat kredit verilib. Bu kreditlər hesabına 173 mindən çox yeni iş yeri açılıb.