Azərbaycanda Rəqabət Məcəlləsinin hazırlanması üzrə işçi qrupu beynəlxalq təcrübəni nəzərə alaraq çox mütərəqqi bir sənəd hazırlayıb.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O, bildirib ki, məcəllənin qəbul edilmə prosesi artıq son mərhələdədir:
“Artıq məcəllənin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Mərkəzi Bank və digər aidiyyatı qurumlarla razılaşdırma proseduru baş tutub. Qeyd edə bilərəm ki, bu gün biz Rəqabət Məcəlləsinin qəbul edilməsi üçün son mrəhələdəyik. Artıq Milli Məclisin iqtisadiyyat komitəsi ilə də müzakirələr aparırıq".
M. Abbasbəyli ümid edir ki, mart ayının birinci yarsında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin müzakirəsi aparılacaq: "Hesab edirik ki, bu il onun qəbul olunması üzrə bütün addımlar atılacaq”.