Dünyanın ən böyük almaz istehsalçısı olan “De Beers” şirkəti 2020-ci ildə 2,7 milyard ABŞ dolları dəyərində cilalanmamış almaz satıb.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bu, 2019-cu ilin göstəricisindən üçdə bir qədər azdır və ümumilikdə son 10 ildə ən aşağı satış göstəricisidir.
Bu yaz pandemiyanın ilk dalğası zamanı almaz və zinət əşyalarına tələbat kəskin şəkildə azalıb. Bundan əlavə, pandemiya ilə əlaqəli məhdudiyyətlər səbəbindən şirkətin Afrikanın cənubundakı yataqlarında almaz istehsalının həcmi 27 % azalıb.
Nəticədə ilin ilk yarısında “De Beers”in gəlirləri cəmi 2 milyon ABŞ dolları təşkil edib, halbuki keçən ilin analoji dövründə bu rəqəm 518 milyon ABŞ dolları idi. Satışlar yalnız ilin sonuna doğru bir qədər bərpa olub və dekabrda şirkət 440 milyon ABŞ dollarında cilalanmamış almaz sata bilib. Bu rəqəm hətta 2019-cu ilin dekabr göstəricisindən də çoxdur. “De Beers” rəhbərliyi pandemiyanın 2021-ci ildə də almaz sənayesinə mənfi təsir göstərməyə davam edəcəyini təxmin edir.