2022-ci ildə Azərbaycanın MDB-yə üzv ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 2021-ci illə müqayisədə 28 %-dən çox artıb.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Rusiyanın Soçi şəhərində keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
"Müsbət dinamika cari ildə də müşahidə olunur. İlk 4 ayda biz qarşılıqlı ticarəti 22 % artırmağa nail olmuşuq”, - deyə o qeyd edib.
İclasda mövcud qlobal geosiyasi çağırışlar fonunda nəqliyyat-tranzit sahəsində əməkdaşlığın aktuallığının artdığı, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının mühümlüyü qeyd edilib.
“Azərbaycan regionda əsas nəqliyyat qovşağı kimi, nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirir və MDB üzrə tərəfdaşlarının ehtiyacları üçün yükdaşımaların artan həcmini təmin etməkdən ötrü öz potensialından daha intensiv istifadə etməyə hazırdır”, - deyə Ə.Əsədov əlavə edib.