Emin Məmmədov: "Azərbaycan xalçalarının yenidən dünya bazarına dönməsi üçün əlimizdən gələni edirik"

Emin Məmmədov: "Azərbaycan xalçalarının yenidən dünya bazarına dönməsi üçün əlimizdən gələni edirik" “Azərxalça” ASC-nin sədri Emin Məmmədovun “Report”a müsahibəsi
Biznes
27 Aprel , 2022 17:35
Emin Məmmədov: Azərbaycan xalçalarının yenidən dünya bazarına dönməsi üçün əlimizdən gələni edirik

“Azərxalça” ASC-nin sədri Emin Məmmədovun “Report”a müsahibəsi:

- “Azərxalça” ASC 2021-ci ildə fəaliyyətini necə dəyərləndirir? “Azərxalça” dövlətə fayda verən şirkətə çevrilə bilirmi?

- “Azərxalça” ASC üçün 2021-ci il böyük dəyişikliklər ili oldu. Fikrimcə, müsbət yönlü dəyişikliklər daha çox oldu. Bildiyiniz kimi, cəmiyyətdə rəhbərlik dəyişdi, idarəetmədə yeniliklər tətbiq olundu, xalçaçılıq sahəsində təcrübəli insanlardan ibarət peşəkar komanda yaradıldı, bu sahəyə illərini sərf etmiş sıravi işçidən tutmuş, ictimai xadimlərə qədər hər kəs işə cəlb olundu. Təbii ki, bütün bu işlər “Azərxalça” ASC-nin zamanla dövlətə gəlir verə biləcək bir quruma çevrilməsi uğrunda atılan addımların təməlidir. Biz gələcəyə ümidlə baxırıq, bir zamanlar dünyada öz şöhrəti ilə ad çıxaran Azərbaycan xalçalarının yenidən dünya bazarına dönməsi üçün əlimizdən gələni edirik. Çünki bizim üçün hər şeydən öncə əsl əl işi, əl sənəti xalçalarımızın istehsalı ilə yanaşı həm də onların təbliğatı məsələsidir.

- Ötənilki gəlirlərinizi necə qiymətləndirirsiniz? Ümumiyyətlə, ölkədə və xaricdə Azərbaycan xalçalarına maraq varmı?

- Sizə maraqlı bir fakt deyim ki, bizim ötənilki satışlarımızın ümumi məbləği “Azərxalça”nın 2016-cı ildən bəri ümumi fəaliyyəti dövründə əldə olunmuş satış məbləğindən daha çox olub. Təbii ki, bu bizim üçün yolun başlanğıcıdır, başa düşürük ki, daha yaxşı nəticələr əldə olunmalıdır. Xalçalara maraq hər zaman olub, var və olacaq. Hələ ki, söhbət xalçanı yalnız məişət əşyası kimi deyil, milli-mənəvi irs, dəyər kimi qəbul edən Azərbaycan xalqının xalçarından gedirsə, “Azərxalça”nın 100 ilə dayanan tarixi var. Fəaliyyətinin müxtəlif mərhələlərində hər zaman bizim xalçalarımıza maraq kifayət qədər olub. İndiki zamanda xalçaçılıq sahəsində bütün yeniliklər, müasir texnikanın cəlb olunduğu bir zamanda biz Azərbaycan xalçasının yalnız ölkə daxilində deyil, dünyada müasir interyerin ayrılmaz bir hissəsi olmasına çalışırıq. Maraq var və həmin marağı tətmin etmək üçün işlər görülür.

- Hazırda satışlarınız sizi qane edirmi? Yeni dizaynda xalçalarınız mövcuddurmu və bu xalçalara maraq varmı?

- Biz istehsal və ən əsası, ixracatla məşğul oluruq, yəni hər şeydən əvvəl bu, biznesdir. Biznesdə isə satışlar heç vaxt qanə edə bilməz, nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Satışların yüksək olması üçün, bəli, biz bazara yalnız klassik Azərbaycan xalçaları deyil, həm də müasir formada, rəngdə və naxışlarda xalçalar təqdim edirik. Ətrafda hər şey dəyişir. Klassik Azərbaycan xalçaları artıq çox az kəsimdə insanın zövqünə xitab edir. Gənclər, fərqli düşüncəli insanlar artıq öz müasir dizaynlı evlərində Azərbaycanda toxunmuş, əsl əl işi xalçalarımızı fərqli üslubda görmək istəyirlər. Bunun üçün də biz konseptual, gənc, istedadlı dizaynerlər, rəssam və xalçaçıları işə cəlb edirik. Yaradıcı qrupumuzla birgə ortaya maraqlı işlər qoyurlar və bu cür xalçalarımız həm yerli, həm də xarici bazarda maraqla qarşılanır.

Emin Məmmədov
Emin Məmmədov

- “Azərxalça” ötən il ilk dəfə Moskva şəhərində öz xalçalarını sərgiləyib. Bu il Azərbaycan xalçalarının Avropada, Cənubi Koreyada, BƏƏ-də təqdimatının və satışının həyata keçirilməsi barədə planlarınızı açıqlamışdınız. Bu istiqamətdə işlər nə yerdədir? Ümumiyyətlə, Azərbaycan xalçalarının dünyada tanıdılması üçün bu il hansı tədbirlər nəzərdə tutulub?

- Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən maddi və mədəni irsimiz – xalçaçılıq sənətinin qorunması və davamlı inkişafı bizim əsas görüləcək işlərimizdən biridir. Azərbaycan xalçalarının ölkə xaricində satışı və sərgisini təşkil etmək xalçaların tanıdılmasının ən effektiv yoludur. Bəli, hazırda “Azərxalça” ASC-nin Çin, Cənubi Koreya, Moskva və BƏƏ-də “EXPO 2020 Azərbaycan” pavilyonunda xalçalarımızın satış nöqtəsi fəaliyyət göstərir.

Almaniyanın məşhur xalça dizayneri və “JK carpets”in baş direktoru Yan Kat ilə növbəti illər üçün xalçalarının bizim emalatxanalarda toxunması istiqamətində, İsrailli rəssam Rami Meirin əsərlərinin xalçalara köçürülməsi və satışı, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə səfirlikləri ilə hər iki ölkədə xalçalarımızın sərgi və satışının baş tutması üçün də danışıqlar aparılır.

-Hazırda Azərbaycanın qeyri-neft məhsullarının ixracında bir sıra məhsullar liderlik edir. Azərbaycan xalçaları qeyri-neft məhsullarının ixracında nə vaxt əsaslı yer tuta biləcək?

- Xalça gündəlik tələbat məhsulu deyil. Ona görə də ixracatda liderliyin əldə olunması o qədər asan məsələ hesab olunmamalıdır. Hazırda dünyada xalça ixracı üzrə Çin, Pakistan, Banqladeş, Hindistan kimi lider ölkələr var. Hətta bizim ölkəmizdə də öz xalçalarımızdan daha çox bu xalçalar alınır. Bu ölkələrdə əhali çoxdur, adambaşına düşən gəlir kifayət qədər zəifdir və insanlar çox ucuz qiymətə çalışmaq məcburiyyətindədirlər. Nəticədə xalçanın maya dəyəri çox aşağı olduğu üçün bazara da ucuz və əlçatan qiymətdə çıxır. Buna görə də biz çalışırıq ki, xalçalarımızı alına biləcək potensialda olan ünvanlara çatdıraq. Ümumilikdə deyə bilərəm ki, dünya bazarında “Azərxalça” xalçalarının, əsl Azərbaycan xalçalarının gözəl adının özünə qayıtması uğrunda işlər aparılır, nəticələr də görünür. Biz istəyirik ki, gözəl toxucularımızın, ana və bacılarımızın göz nuru, əl istisi ilə toxuduğu mənəvi irsimiz xalçalar özlərinə layiq münasibət görsün.

- Məlumatımıza görə, “Azərxalça” differensial maaş sisteminə keçəcəkdi. Bu sistemin tətbiqi əməkdaşlara nə verəcək? Azərxalça”da orta aylıq əmək haqqı nə qədər təşkil edəcək?

- Bəli, bu sistem toxuculara aiddir. Hazırda sistem tətbiq olunur. Differensial maaş sistemi bizə yaxşı, peşəkar xalçaçıları ortaya çıxarmağa, peşəkar xalçaçıların isə zəif xalçaçılardan daha yaxşı qazanmasına imkan yaradır. Ümumilikdə isə sistem özü toxucular arasında rəqabəti artırır. Zəif toxucular daha keyfiyyətli toxuyub yüksək maaş alan toxuculara çatmağa və əlbəttə, daha yaxşı olmağa can atırlar. Maaşlar isə hər bir toxucunun ay ərzində toxuduğu kvadrat metrə uyğun hesablanır.

- Hazırda “Azərxalça”nın qarşısında duran əsas çətinliklər, çağırışlar nədir? 2022-ci ildə prioritet istiqamətləriniz hansı olacaq?

- “Azərxalça” ASC-nin qarşısında duran əsas məsələ gələcəyə inamla addımlamaq üçün keyfiyyətli zəmin yaratmaqdır. Prioritet məsələlərimiz sırasında milli mənəvi, mədəni irsimiz xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini, regionlarda qadınların işlə təmin olunması – bir sözlə Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir.

Son xəbərlər

Orphus sistemi