Fergus Auld: "Gənc Aqrosahibkarlar" layihəsi Azərbaycan üçün COP29-un ev sahibi kimi xüsusilə aktualdır"

Fergus Auld: "Gənc Aqrosahibkarlar" layihəsi Azərbaycan üçün COP29-un ev sahibi kimi xüsusilə aktualdır" "Gənc Aqrosahibkarlar" layihəsi Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı üçün xüsusilə aktualdır.
Biznes
31 May , 2024 12:31
Fergus Auld: Gənc Aqrosahibkarlar layihəsi Azərbaycan üçün COP29-un ev sahibi kimi xüsusilə aktualdır

"Gənc Aqrosahibkarlar" layihəsi Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı üçün xüsusilə aktualdır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bu gün keçirilən Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış konfransında deyib.

Onun sözlərinə görə, COP29-un keçiriləcəyi vaxt dünyanın hər yerindən gələn iştirakçılar Bakıda bir araya gələcəklər: "Bitki elmi və davamlı kənd təsərrüfatı ilə məşğul olanlar da daxil olmaqla, Britaniya tədqiqatçıları, alimləri, biznes strukturları və rəsmiləri bu müzakirəyə qoşulmağa hazırdırlar".

Səfir deyib ki, dünya bir çox mürəkkəb və sürətlə inkişaf edən problemlərlə üz-üzədir: "Əhalinin sayının artması təhlükəsiz və zəngin qida tələb edir. Azalmaqda olan su ehtiyatları daha səmərəli idarə edilməlidir. İqlim dəyişikliyinin təsirləri artıq hiss olunur və kənd təsərrüfatı bunlara davamlılıq yaratmaq üçün uyğunlaşdırılmalıdır. Bu problemlərin böyüklüyünü nəzərə alaraq, kənd təsərrüfatında innovativ yanaşmalar tapmaq indi həmişəkindən daha vacibdir.

Biz həmçinin bilirik ki, gənclər çox vaxt öz yerli icmalarında mənalı və etibarlı iş imkanları tapmaqda çətinlik çəkirlər. Beləliklə, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi dəyərli tərəfdaşlarımızı maliyyələşdirməkdən qürur duyur".

Xatırladaq ki, “Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində yeni nəsil gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğunun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə, 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.
Layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində yaşayan 70 gəncin (35 kişi və 35 qadın) kənd təsərrüfatı ilə məşğulluğunun artırılması; tərəvəz və meyvə dəyər zəncirlərinə dövlət və özəl sektorun maliyyələşdirilməsinin artırılması; kənd təsərrüfatı xidmətləri üzrə investisiya siyasətini effektiv formalaşmasına dəstəyin olunması, yaxşı təcrübələrin tətbiqinə təsirin və bu sahədə dövlət özəl tərəfdaşlığının gücləndirilməsi; fermerlərin permakultura konsepsiyası sahəsində biliklərinin artırılması, iqlim dəyişikliyinin onların dolanışıq vasitələrinə təsirinə qarşı dayanıqlılığın artırılmasını; iki feyxoa kooperativinin yaradılması, fermerlərin bazarlara çıxışının artırılması planlaşdırılır. Layihə bu ilin 19 oktyabra qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi