Bu il "Yüksəliş" müsabiqəsinə müraciətlər rekord sayda olub.
"Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
F. Hacıyev bildirib ki, "Yüksəliş" müsabiqəsi bu il artıq üçüncü dəfə keçirilir:
"Müsabiqəyə 13 500-ə yaxın müraciət daxil olub. İki gün sonra artıq müsabiqənin yarımfinal mərhələsi başlayır. Biz yarımfinalda 343 gələcək idarəçinin bir-biri ilə yarışmasını görəcəyik. Onların arasında yalnız 100 nəfər final mərhələsinə keçəcək. Yarımfinal və final mərhələsində bütün iştirakçıların qiymətləndirilməsi üçün 70-dən çox ekspert dəvət olunub və təlimlərdə iştirak edirlər".
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Dövlət başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.